"Hətta pandemiyanıni ən ağır zamanında belə, bu cür zərbə almamışdıq"
Dağlıq Qarabağda Azərbaycan ordusunun uğurlu əks həmlələri artıq öz təsirini Ermənistanın iqtisadi vəziyyətində də büruzə verməkdədir. Ekspertlər bildirir ki, pandemiya dövründə onsuz da çox çətin şəkildə ayaqda duran Ermənistanın biznes mühiti hərbi əməliyyatlar nəticəsində tamamilə iflas həddinə çatıb.
Hafta.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, əgər vəziyyət bu halda davam edərsə, ölkə iqtisadi resurs baxımından ciddi sınaq qarşısında qalacaq.
"Mantaşev" sənayeçilər birliyinin sədri, biznesmen Vaqram Mirakyanın sözlərinə görə, artıq iş adamları arasında ciddi təşviş hökm sürür. Ticarət dövriyyəsi kəskin şəkildə azalıb. Mikrosahibkarlıq subyektləri bir-birinin ardınca bağlanılır:
"Hətta pandemiyanıni ən ağır zamanında belə, bu cür zərbə almamışdıq" - o bildirib. Erməni iş adamı vurğulayıb ki, müharibənin başlaması 3-4 gün olsa da, bu biznes sahəsinin darmadağın olmasına kifayət edib.
"Hazırda bazarda ən çox satılan məhsullar düyü, qarabaşaq və çörəkdir. Vəziyyəti çətinləşdirən digər bir məqam isə, hər bir müəssisədə orduya çağrılanların çox olmasıdır. Onların arasında kilid vəzifələrdə çalışan kadrlar da var ki, çox uzun müddət ərzində yetişdirilirlər" - deyib Mirakyan.
Onun sözlərinə görə, dövlətə böyük vergi ödəyən şirkətlər var. Onların direktorları orduya aparılır və müəssisə tamamilə bağlanılır: "Hətta İkinci Dünya Müharibəsində belə bəzi kateqoriyadan olan insanları cəbhəyə aparmırdılar. İndi də belə olmalıdır. Çünki müharibədən sonra da həyat davam etməlidir. Əgər müharibə aylarla davam etsə, bizim qarşımızda heç bir seçim qalmayacaq".